“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçiriləcək

28 İyun, 2019

11-12 iyul 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək.

Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

Məlumat üçün bildirək ki, “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpozium ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə keçirilib. Ümummilli lider Heydər Əliyev Simpoziumda geniş məruzə ilə çıxış edərək, tədbirin Qafqazda İslam mədəniyyətinin tədqiq olunmasını yalnız tarixən bölgə xalqlarının elm, incəsənət, memarlıq, iqtisadiyyat və digər sahələrdə İslam sivilizasiyasına verdiyi töhfələrin araşdırılması məqsədilə deyil, həmçinin yüksək ümumbəşəri dəyərləri ilə səciyyələnən Azərbaycan xalqının milli-mənəvi dəyərlərində İslamın rolunun öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə də xüsusi əhəmiyyətini bildirib.

II Beynəlxalq Simpoziumda Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər. Ümumilikdə, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı kimi xarici ölkə universitetlərində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlər Simpoziumda məruzələrlə çıxış edəcəklər.
İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.

Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”; “Qafqazda İslamın yayılması”; “Qafqazda multikulturalizm”; “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq”; “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında dinləniləcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

alt menü