Əcnəbi tələbə qəbulu

Azərbaycan İlahiyyat İnstitutunda
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təhsil alması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarına və Azərbaycan Respublikasının ərazisində qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda (Bundan sonra – “İnstitut”) bakalavriat səviyyəsində təhsil alması münasibətlərini tənzimləyir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

2. Əcnəbilərin bakalavriat səviyyəsinə qəbulunun əsasları

2.1. Azərbaycan İlahiyyat İnstitutunda təhsil almaq üçün əcnəbilərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
2.1.1. Təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında.
2.1.2. İnstitutun iştirak etdiyi beynəlxalq proqramlar əsasında.
2.1.3. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında.
2.1.4. İnstitut ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında.
2.1.5. İnstitutun hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında.
2.1.6. İnstitutun fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında.
2.1.7. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.

3. İnstitutda əcnəbilərin təhsil alması üçün meyarlar

3.1. Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat səviyyəsi üzrə əcnəbilərin təhsil alması üçün meyarlar aşağıdakılardır:
3.1.1. Yaşı 30-dan çox olmayan.
3.1.2. Əvvəlki təhsil pilləsini və ya səviyyəsini uğurla bitirən.
3.1.3. Məhkumluğu olmayan.
3.1.4. Sağlamlığı təhsil almağa imkan verən.
3.1.5. Azərbaycan dilini bilən.
3.1.6. Din xadimi kimi fəaliyyət göstərməyə marağı olan.
3.1.7. Din haqqında ümumi anlayışı olan.
3.1.8. Mənəvi-psixoloji durumu dini təhsil almağa imkan verən.
3.1.9. Ünsiyyətqurma bacarığı olan.
3.1.10. Ümumi dünyagörüşü geniş olan.
3.1.11. Cəmiyyətdə mövcud olan müxtəlif inanclara qarşı dözümlülüyü olan.
3.2. 3.1.1-3.1.4-cü bəndlərdə qeyd olunanlar əcnəbinin təqdim etdiyi sənədlər vasitəsilə, 3.1.5-3.1.11-ci bəndlər isə bu Qaydalara uyğun olaraq İnstitut tərəfindən təşkil olunan müsahibə nəticəsində müəyyən edilir.

4. Təqdim edilməli sənədlər

4.1. Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.
4.2. Bu Qaydaların 2.1.1-2.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan İlahiyyat İnstitutunda təhsil almaq üçün müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
4.2.1. seçilən ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, rektorun adına Azərbaycan dilində ərizə;
4.2.2. etibarlı sərhədkeçmə sənədin (pasport) əsli və surəti;
4.2.3. şəxsiyyət vəsiqəsinin əsli və surəti;
4.2.4. Azərbaycan dilində tərcümeyi-hal;
4.2.5. 6 ədəd 3x4 ölçüdə fotoşəkil;
4.2.6. məhkumluğun olmaması barədə arayış və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti;
4.2.7. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
4.2.8. sağlamlıq, o cümlədən, QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (Azərbaycan Respublikasında alınarsa yalnız əsli təqdim olunur);
4.2.9. doğum haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
4.2.10. Azərbaycan dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
4.2.11. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

5. Əcnəbi tələblər üçün qəbul planı və qeydiyyat müddəti

5.1. Növbəti tədris ilinə əcnəbi tələbələrin qəbulu prosesi hər il sentyabr ayının 15-dək yekunlaşdırırlır.

6. Sənədlərin yoxlanılması və müsahibə mərhələsi

6.1. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi İnstitut tərəfindən yoxlanılır və yoxlamadan uğurla keçdikləri halda, onların İnstituta qəbulu rəsmiləşdirilir.
6.2. Əgər əcnəbinin tədris dilini bilmə səviyyəsi aşağı olarsa, o bir tədris ili müddətində hazırlıq kurslarına cəlb edilir. Hazırlıq kurslarını uğurla bitirən tələbələrə müvafiq şəhadətnamə verilir.
6.3. Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:
6.3.1. Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;
6.3.2. yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.
6.3.3. Əcnəbi tələbənin qəbul üçün təqdim etdiyi sənədlər yoxlanıldıqdan sonra İnstitutun Müsahibə Komissiyasının iclasına çıxarılır. Müsahibə Komissiyasının iclasından uğurla keçmiş tələbə ilə İnstitut arasında müqavilə bağlanılır və müvafiq fakültə dekanının təqdimatı əsasında qəbul barədə əmr verilir.
6.3.4. Müsahibə komissiyasının tərkibi (sədri, sədr müavini və katibi daxil olmaqla) rektorun əmri ilə 5-11 nəfərdən ibarət tərkibdə formalaşdırılır. Müsahibə Komissiyasının tərkibinə müvafiq ixtisaslar üzrə elmi adı və elmi dərəcəsi və Azərbaycan dili və psixologiya ixtixasları üzrə elmi adı və ya elmi dərəcəsi olan yüksəkixtisaslı mütəxəssislər daxil edilir. Rektorun əmri ilə Müsahibə Komissiyasının tərkibinə istənilən zaman dəyişiklik edilə bilər.

7. Əcnəbilərin təhsilinin təşkili

7.1. İnstitutda əcnəbilərin təhsili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq, İnstitutun rektoru tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.
7.2. İnstitutda təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Əcnəbilər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.
7.3. Bu Qaydaların 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində qeyd olunmuş əsaslar üzrə fəaliyyətlər təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyini və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məlumatlandırmaqla həyata keçirilir.
7.4. İnstitut təhsil alan əcnəbilər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə müəyyən edilmiş forma üzrə hesabat təqdim edir.
7.5. İnstitutu bitirən əcnəbilərə təhsil haqqında dövlət nümunəli sənəd verilir.
7.6. Əcnəbilərin bir təhsil proqramından və ya bir təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət alması və bərpa olunması məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarla tənzi mlənir.
7.7. İnstitutun əcnəbi tələbələri və məzunları haqqında məlumatlar “Tələbə-məzun” elektron sisteminə daxil edilir.
7.8. İnstitutda təhsil alan əcnəbilər xaric edildikdə, İnstitut 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.

8. Miqrasiya məsələləri

8.1. İnstitutda təhsil almaq istəyən əcnəbi Azərbaycan Respublikasına təhsil vizası ilə gəlməli, İnstituta qəbul olduqdan sonra isə Azərbaycan Respublikasında qalmaq üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq, müvəqqəti yaşamaq icazəsi almalıdır.

9. Bu Qaydaların ləğv edilməsi, ona əlavə və dəyişikliklər edilməsi qaydası

9.1. Bu Qaydalar rektorun əmri ilə istənilən zaman ləğv edilə, ona əlavə və dəyişikliklər edilə bilər.

10. Bu Qaydaların hüquqi qüvvəsi

10.1. Bu Qaydalar təsdiq olunduğu andan hüquqi qüvvəyə minir.
10.2. Bu Qaydalarla Azərbaycan Respublikasının ərazisində qüvvədə olan digər qanunvericilik aktları arasında ziddiyyət yaranarsa, həmin qanunvericilik aktları tətbiq olunur.

Qeyd: Əcnəbi tələbələrin qəbulu portal.edu.az vasitəsilə aparılır.

alt menü