Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş özrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Həmin tarixə qədər Bakı Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən İlahiyyat fakültəsi qeyd olunan sərəncama əsasən, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilmişdir.
Azərbaycan İlahiyyat İnstitutun bir fakültə (İlahiyyat fakültəsi) və və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Hazırda fakültədə bakalavriat səviyyəsində 284, magistratura səviyyəsində 10, doktorantura səviyyəsində 5, disertanturada 1 tələbə təhsil alır. Hazırda İnstitutda əməkdaşların sayı 68 nəfərdir.
Aİİ-nin missiyası
Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək;
İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək;
İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək;
Milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək.
Aİİ-nin əsas dəyərləri
Şəffaflıq Aİİ kollektivinin əməkdaşlıq etdiyi hər bir sahədə prioritet qəbul etdiyi dəyərdir. Aİİ şəffaflığın səmərəliyi artıracağı qənaətini daşıyır.
Bitərəflik Aİİ-nin Azərbaycan Respublikasının qanunları çərçivəsində hər bir qurum və cəmiyyətlə əməkdaşlıq edəcəyini göstərən bir dəyərdir. Aİİ dəyərlərin müdafiəsi və sülhün bərqərar olması üçün hər bir dini konfesiya ilə əməkdaşlıq etməyə hazırdır.
İctimai məsuliyyət şüuru Aİİ-nin mənimsədiyi və müəllim, tələbə və işçi heyətinə təlqin etdiyi bir dəyərdir. Aİİ sosial layihələrdə aktiv surətdə iştirak etməkla yanaşı, dini-psixoloji sahələrdə orta və ali təhsil müsəssisələri ilə əməkdaşlıq etməyə hazırdır.
Yüksək akademik keyfiyyət Aİİ-nin təlim, tədris, və tədqiqat sahəsində qəbul etdiyi prioritet dəyərdir. İnstitutumuz tədris edilən dərslərin tədris planını və dərs proqramlarını müasir təhsil standartlarına müvafiq olaraq hazırlamışdır.
Tolerantlıq və multikulturalizm İlahiyyat kollektivinin bütün sahələrdə prioritet qəbul etdiyi dəyərlərdəndir. Aİİ dini və etnik fərqliliyi mühüm bir dəyər kimi qəbul edir. İnstitutumuz dünya sülh və əminamanlığına töhfəsi olan bütün konfessiyalarla qanun çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
Strateji xəritə
Aİİ 2018-2021-ci illər üçün strateji planı dörd əsas istiqamətdə formalaşdırır.
1. Aİİ-nin strukturunun formalaşdırılması
2. Təhsil və tədris
3. Tədqiqat və elmi nəşrlərin təşkili
4. Milli və beynəlxalq müstəvidə əməkdaşlıq