Tələbə Gənclər Təşkilatı

1. Ümumi müddəalar

1.1. Azərbaycan İlahiyyat İnstitutunun (bundan sonra – İnstitut) Tələbə Gənclər Təşkilatı (bundan sonra – Təşkilat) təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, meyillərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr qurmaq məqsədi ilə təsis edilir.
1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, İnstitutun Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
1.3. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Təşkilat İnstitut tələbələrinin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə gənclər təşkilatıdır.


2. Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
2.2.2. Tələbələr arasında maarifləndirmə işinin aparılması;
2.2.3. Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
2.2.4. Tələbələrin hüquqlarının təmin edilməsi;
2.2.5. Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
2.2.6. Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.7. Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün onların iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, “dəyirmi masa”ların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, dərnəklərin, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
2.2.8. Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
2.2.9. Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, İnstitutun rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2.2.10. Qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

alt menü