Kitabxana informasiya mərkəzi

Azərbaycan İlahiyyat İnstitutunun Kitabxanasında 14000-dən çox kitab mövcuddur. Dinşünaslıq kafedrasında tədris olunan Dinlər tarixi, Din psixologiyası, Din sosiologiyası; Dillər və ictimai fənlər kafedrasında tədris olunan Ərəb dili, Fars dili, İngilis dili; İslamşünaslıq kafedrasında tədris olunan Təfsir, Hədis, İslam hüququ, Əqaid, Kəlam, İslam tarixi, Məzhəblər tarixi, İslam əxlaqı, Təsəvvüf fənlərinin hər birinə aid kifayət qədər ədəbiyyat vardır. Bundan əlavə, pedaqogika, siyasət, ədəbiyyat, mədəniyyət kimi bölmələri də kitabxanada görmək mümkündür. Kitabxanada olan kitablar Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərindədir.

Kitabxanada kompyuterlərlə təchiz edilmiş Oxu zalı mövcuddur. Kompyuterlər internet şəbəkəsi ilə təchiz olunub. Tələbələr komyuterlərdən istifadə edərək kurs, diplom işlərini yaza və ya internetdə araşdırma apara bilərlər. Kitabxanada oxucular üçün hər cür şərait yaradılmışdır. Tələbələrin dərslik tələbatını maksimum təmin etmək üçün açıq rəf sistemi yaradılmışdır. Tələbələr kitabxanada istədikləri kitabı sərbəst şəkildə götürüb oxuya bilirlər. Kitabxanaya giriş tələbə biletini təqdim etməklə mümkündür. Digər universitetlərin tələbələri də tələbə bileti və ya şəxsiyyət vəsiqələrini təqdim etməklə, Azərbaycan İlahiyyat İnstitutu Kitabxanasından yararlana bilərlər.

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə dərsliklər pulsuz olaraq verilir. Tələbələrin pulsuz dərsliklərlə təmin edilməsi kitabxana vasitəsilə həyata keçirilir.

alt menü