İlahiyyat İnstitutunun əməkdaşı beynəlxalq mükafata layiq görülüb

27 Noyabr, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və İctimai fənlər kafedrasının müəllimi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Elvüsal Məmmədov Qətər Dövlətinin təsis etdiyi Şeyx Həməd Tərcümə və Beynəlxalq Anlaşma Mükafatının 12-ci mövsümündə fərdi qalib elan edilib.

Mükafatlandırma mərasimi Qətərin paytaxtı Dohada keçirilib. Elvüsal Məmmədov “Nailiyyət kateqoriyası” üzrə nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Builki müsabiqəyə 16 ərəb və 17 qeyri-ərəb ölkəsindən ümumilikdə 256 müraciət daxil olub. Müsabiqənin “Kitabların fərdi tərcüməsi kateqoriyası”nda ingilis və çin dilləri, “Nailiyyət kateqoriyası”nda isə ingilis, Çin, italyan, Azərbaycan və fula dilləri üzrə təqdim olunan işlər nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, mükafatlandırılma mərasimində Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov və kafedranın Baş müəllimi Ənvər Mustafayev də iştirak edib.

Xatırladaq ki, 2015-ci ildə Dohada təsis edilmiş Şeyx Həməd Tərcümə və Beynəlxalq Anlaşma Mükafatı ərəb dili ilə dünya dilləri arasında tərcümə sahəsinə həsr olunmuş ən böyük və nüfuzlu beynəlxalq platformadır. Mükafatın başlıca missiyası xalqlar arasında qarşılıqlı anlaşmanı, sülh mədəniyyətini və sivilizasiyalararası dialoqu möhkəmləndirmək, ərəb və dünya mədəniyyətlərini zənginləşdirən tərcüməçiləri, nəşriyyat evlərini və elmi-tədqiqat müəssisələrini dəstəkləmək, eyni zamanda, tərcümə işində elmi dəqiqliyi və yüksək bədii-akademik standartları təşviq etməkdir.

alt menü