Aİİ-də İnstitutun fəaliyyəti, tədris hazırlıqları ilə bağlı iclas keçirilib

12 Sentyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti, tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

İnstitut rəhbərliyinin, müəllim heyətinin, əməkdaşların iştirak etdikləri tədbirdə Aİİ-nin fəaliyyəti ilə bağlı yekun hesabat, ali tədris müəssisəsinin yeni tədris ilinə hazırlığı və gələcək vəzifələri müzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov İnstitutun müəllim və işçi heyətini tədris ilinin başlanması münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra İnstitut rəhbəri ali təhsil müəssisəsinin bu günədək gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

C.Məmmədov bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini, təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışan C.Məmmədov zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələrindən olduğunu nəzərə çatdırıb. Bildirib ki, potensialımızı ortaya qoyub tələbələrin bilik və bacarıqlarının artırılması, şəxsiyyət kimi formalaşması üçün çalışmalıyıq.

İnstitutun yeni tədris ilinə tam hazır olduğunu bildirən rektor ali təhsil müəssisəsinin binasında təmir işlərinin aparıldığını, tələbə qəbulunun uğurla başa çatdırıldığını, bir sıra dərsliklərin üzərində işlərin yekunlaşdığını, yeni kitabların nəşr edildiyini, yeni qəzet və jurnallarımızın işıq üzü gördüyünü qeyd edib. Yeni müəllimlərin Aİİ-nin əməkdaşları sırasına daxil olduğunu bildirən rektor vurğulayıb ki, məqsədimiz öz sahələrinin peşəkarı olan mütəxəssisləri işə cəlb etməkdir.

Daha sonra Aİİ rektoru İnstitutun qarşıda duran vəzifələrindən danışıb. Bildirib ki, mövcud ixtisas üzrə dünya təcrübəsinin öyrənilməsi üçün xarici ölkə universitetləri ilə əlaqələrin qurulması, dərsliklərin, ilahiyyat sahəsində elmi tədqiqatların çap olunmasına səylə çalışmalıyıq. C.Məmmədov məzun bazasının yaradılmasının, Karyera Mərkəzinin təşkilinin başa çatdırılmasının zəruriliyini vurğulayıb.

İclasın sonunda, həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub.

alt menü