İlahiyyat İnstitutunda Anım Günü tədbiri

26 Sentyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Aİİ-nin IV kurs tələbəsi Əmrah Eminov tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov Anım Günü tədbirində çıxış edərək, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib.

Azərbaycanın tarixboyu başına gələn müsibətlərdən, bəlalardan şərəflə çıxdığını qeyd edən rektor bu sınaqda da Vətənimizin üzüağ olduğunu, Qarabağı erməni vandallarından geri aldığımızı vurğulayıb: “Vətənimizin igid oğulları ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etdilər. Şəhidlərimizin ruhu şaddır, Qarabağ azaddır! Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan öz suverenliyini tam təmin edib. Bu, Dövlətimizin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”.

Azərbaycan Televiziyası ictimai-siyasi proqramlar studiyası Tarix şöbəsinin rəisi, tarix üzə fəlsəfə doktoru Mahir Qəribov çıxış edərək, “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış, müəllifi olduğu 27 Sentyabr – Anım Gününə həsr olunmuş film haqqında söhbət açıb. M.Qəribov 44 günlük Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarının özlərindən sonra bizə Vətən boyda əmanət qoyub-getdiklərini qeyd edib. O vurğulayıb ki, onlar canlarını Vətən uğrunda fəda edərək, qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Biz də müqəddəs dəyərlərimizə sahib çıxmalıyıq.

Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi, mayor Azər Mikayılovun qardaşı Anar Mikayılov çıxış edib. Anar Mikayılov şəhidin həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edib.

Tədbirdə Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış 27 Sentyabr – Anım Gününə həsr olunmuş film nümayiş etdirilib.

alt menü