Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biridir

05 Mart, 2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Bu görüşdə dövlətimizin başçısı ölkədə təhsil sahəsində aparılan islahatlar və onların nəticələrindən də bəhs edib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov təhsil sahəsində aparılan islahatların müsbət nəticələri ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

O qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları, həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır və bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir” fikrini xatırladan institutun rektoru Ceyhun Məmmədov bildirib ki, mükəmməl təhsil, həmçinin güclü və mütərəqqi ölkə deməkdir. Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Bu gün elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Bu, dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı gənc nəslin milli ruhda tərbiyə olunması ilə bağlı fikirlərini xatırladan Ceyhun Məmmədov deyib: “Təsadüfi deyil ki, bir ilini arxada qoyduğumuz Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da məhz xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədini daşıyır.

Bu mənada, Azərbaycan İlahiyyat İnstitutu dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunması da nəzərdə tutulur.

Biz də çalışırıq ki, tələbələrimizdə milli və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirək. Həmçinin gənclərimizi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişdirməyə çalışırıq”.

alt menü