Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti Malayziya Beynəlxalq İslam Universitetində

30 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel 2019-cu il tarixdə Malayziyaya səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (MBİU) ziyarət edib.

Səfər çərçivəsində MBİU-nun tədris işləri üzrə prorektoru, professor İsarji Sarudin, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nur Fəridə Abdul-Manaf, beynəlxalq əməkdaşlıq və təqaüd proqramları üzrə direktor, professor Davud əl-Hidabi ilə görüşlər keçirilib. Görüşlərdə ali təhsil müəssisələrinin yaranma zərurəti, fəaliyyət istiqamətləri, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Aİİ nümayəndə heyəti Universitetin İslam vəhy elmləri və humanitar elmlər fakültəsinin tədris proqramları, tədris və tədqiqat metodları, kitabxana, tələbə yataqxanası, kitab mağazası, idman kompleksi, həmçinin MBİU-nun nəzdində Sultan Hacı Əhməd Şah Məscidi ilə tanış olublar.

Görüşün sonunda ali təhsil müəssisələri arasında Niyyət Protokolu imzalanıb.

Protokol tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq; tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi; akademik, elmi və mədəni əlaqələrin qurulması məqsədi daşıyır. Eyni zamanda, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi; tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi; elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili; müəllim və tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.

Azərbaycan İlahiyyat İnstitutu xarici ölkələrin müvafiq ali təhsil muəssisələri ilə əlaqələrinin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə səfərlər təşkil edir.

alt menü