Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

31 Mart, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib. İnstitutun heyəti öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.
Sonra İnstitutun Kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər. Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dagıdılıb.
Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, Soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 18 yanvar 2018-ci il tarixdə Prezident İlham Əliyev 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin qanlı günlərində Qubada ermənilər tərəfindən törədilmiş soyqırımının əyani sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb.
Daha sonra məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də istifadəyə verilib.
Muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.
Ekspozisiyada, həmçinin ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında Sərəncamı təqdim olunur.
Müxtəlif qəzalarda baş vermiş soyqırımları zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmərdən daş ucaldılıb.
Aİİ-nin kollektivi səfər çərçivəsində Qubada fəaliyyət göstərən “Səkinə xanım”, “Cümə məscidi”, “Ərdəbil”, “Hacı Cəfər” məscidlərini də ziyarət ediblər.
“Səkinə xanım” məscidini ziyarət edərkən, Aİİ heyətinə ibadət ocağı haqqında ətraflı məlumat verilib. Məscidin XIX əsrə aid olduğu diqqətə çatdırılıb.
“Cümə məscidi”nə ziyarət zamanı məscidin qubalıların inanc, ibadət yeri olmaqla yanaşı, həmçinin memarlıq üslubu və maraqlı tarixi ilə də turistlərin diqqətini cəlb etdiyi barədə məlumat verilib.
“Hacı Cəfər” məscidinə ziyarət zamanı dini ibadət ocağının XIX əsrə aid olduğu bildirilib. Qeyd olunub ki, dini ibadət ocağı sovet hakimiyyəti dövründə fəaliyyət göstərən 18 məsciddən biri olub.
Aİİ-nin kollektivi “Ərdəbil” məscidini də ziyarət ediblər. Məscid haqqında geniş məlumat verilib, qeyd olunub ki, ibadət ocağı XIV əsrdə inşa edilib.
Məlumat üçün bildiririk ki, Aİİ-nin bölgələrimizə təşkil etdiyi səfərlərin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr verməkdir. Gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi, eyni zamanda onların ölkəmizdə mövcud olan multikultural mühitin canlı şahidi olmaları üçün institutda maarifləndirici tədbirlər silsiləsinin davam etdirilir.

alt menü