Azərbaycan İlahiyyat İnstitutu müəlliminin məqalələri impakt faktorlu jurnalda dərc olunub

20 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizovanın iki elmi məqaləsi impakt faktorlu jurnallarda - Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi və Hitit Universiteti İlahiyyat fakültəsi jurnallarında dərc olunub.

“Zidliklərin vəhdəti: Qut-ul Amarə mühasirəsində əsir düşmüş ingilis hərbçilərinin gündəliklərində türklər və almanlar” (The Unity of Opposites: The Image of the Turks and the Germans According to the Records of British War Prisoners after the Siege of Kut al-Amara) mövzusunda qələmə alınmış məqalədə ingilis hərbçilərinin Qut-ul Amarə bölgəsində yaşadıqları məğlubiyyət acısının təsiri ilə bəzən hər iki tərəfə münasibətdə şişirdilmiş ifadələrin işlədildiyi əksini tapıb.

“Milli tarixin yenidən yazılması prosesində sabitlər və dəyişkənlər: sovet və postsovet dövründə Azərbaycan tarixçiliyində Osmanlı təsəvvürü (tarix dərs kitabları kontekstində)” (Constants and Variables in the Reconstruction Process of National History: Mutual Analysis of Ottoman İmage in pre and post-independence Period of Azerbaijan History (within the framework of history textbooks) mövzusundakı məqalədə isə sovet və müstəqillik dövründə Azərbaycan tarixçiliyndə Osmanlı dövlətinə baxış qarşılıqlı müqayisə olunub.

Qeyd edək ki, hər iki jurnalda ilahiyyat elmlərinin bütün sahələrinə dair məqalələr dərc olunub ki, bunlara İslam tarixi, dinlər tarixi, din sosiologiyası, din psixologiyası və s. daxildir. Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi jurnalı “Web of science” və “Scopus”, Hitit Universiteti İlahiyyat fakültəsi jurnalı isə “Web of science” beynəlxalq bazalarında referatlaşdırılıb.

Xatırladaq ki, Aİİ ilahiyyat elmləri sahəsində tədqiqatların aparılması məsələsinə xüsusi önəm verir. Belə ki, ali təhsil müəssisəsində tədris prosesinə cəlb edilən müəllimlər dünyanın müxtəlif ölkələrində beynəlxalq konfranslarda iştirak edir, tədqiqat sahələrinə uyğun elmi məqalələrin, kitab və dərsliklərin nəşrinə çalışırlar.

alt menü