Aİİ tələbələri Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

19 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini (BBMM) ziyarət edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tələbələrlə görüş zamanı Azərbaycanda mövcud olan multikultural mühit barədə söhbət açıb. Rəvan Həsənov Azərbaycanda müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasətinin beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslandığını deyib. O bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması dövlət başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər münasibətin nəticəsidir.

O, Ümummilli Lider Heydər Əliyevdən bizə miras qalan multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu diqqətə çatdırıb. R.Həsənov vurğulayıb ki, Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir.

Daha sonra Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Dünyanın 22 ölkəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu qeyd edən icraçı direktor bu dərslərdən sonra Azərbaycan multikulturalizmini öyrənən gənclərin ölkəmizə dəvət olunduğunu bildirib. Onların BBMM-in təşkil etdiyi yay və qış multikulturalizm məktəblərində iştirak etdiyini vurğulayıb.

Görüş müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu gənclərin vətənpərvər ruhda böyüməsi, onların ölkəmizdə mövcud olan tolerant mühitlə, eyni zamanda dövlət siyasətinin ayrılmaz hissəsi olan multikulturalizmlə yaxından tanış olması üçün müxtəlif tədbirlər həyata keçirir.

alt menü