Aİİ-də tələbələrlə görüş

03 İyun, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyası ilə əlaqədar tələbələrlə görüş keçirilib. İyunun 3-dən 28-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı və zəruri hallarda şifahi formada keçiriləcək.

Aİİ rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. İnstitut rəhbəri gənclərə qiymət üçün deyil, bilik üçün oxumağı tövsiyə edib: “İlahiyyat İnstitutunun tələbələri olaraq, üzərinizə düşən məsuliyyət həm ağır, həm də şərəflidir. Sizə bu şərəfli yolda nailiyyətlər arzulayıram”.

Rektor qeyd edib ki, imtahanlara hazırlıq maksimum səviyyədə təşkil olunub. Tələbə mərkəzli İnstitut olmaq üçün gənclərın biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görüləcəyi, cavabların müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyi diqqətə çatdırılıb.
Rektor tələbələri narahat edən məsələlərlə maraqlanıb, onların imtahan sessiyasını uğurla adlayacaqlarından əminliyini ifadə edib. C.Məmmədov tələbələrə sessiya günlərində imtahanların gedişatını şəxsən izləyəcəyini, hər hansı bir problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirib.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrə imtahanlarda uğurlar arzulayıb. Onları imtahan prosesində fəal iştiraka, imtahanlar zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərməyə dəvət edib. M.Mürsəlov gənclərə öz tövsiyələrini verərək bildirib ki, imtahan gedən zaman biliklərindən maksimum yararlanaraq, mövzunu tam əhatə etməyə çalışsınlar.

Qeyd edək ki, 2018-2019-cu tədris ili yaz semestrinin imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tənzimləyici əmr imzalanıb.

alt menü