Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

20 May, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) şərqşünas-alim Nəriman Qasımzadənin təqdimatında “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar təşkil olunub.

Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Aİİ-də müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər maarifləndirmə məqsədi daşıyır. Qeyd edib ki, bu tipli seminarlarda tələbələrin aktiv iştirakı onların bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətlərinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır.

Şərqşünas-alim Nəriman Qasımzadə “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda məruzə ilə çıxış edib. “Quran” kəlməsinin bir mənasının da “oxumaq” olduğunu vurğulayaraq, Müqəddəs Kitabın mətnində islahatçılıq anlamının xüsusi yer tutduğunu nəzərə çatdırıb. Sonra qeyd edib ki, Quran təhsil, elm, tədqiqatlara xüsusi əhəmiyyət verir. Quranın hər bir zaman üçün əhəmiyyətli olduğunu bildirən N.Qasımzadə vurğulayıb ki, əsrlər keçsə də, Müqəddəs Kitab öz dəyərini itirmir. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib, pis işlərdən çəkinməyi təbliğ edən səmavi kitabdır. Quran, həmçinin elmin xəzinəsi, nicat yolunu göstərən zəngin bir mənəvi mənbədir. Quranın bugünümüzə və gələcəyimizə aydınlıq gətirdiyini anlamağımız üçün O, nazil olmamışdan əvvəlki dövru bilməyimiz vacibdir.

Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.

alt menü