Aİİ-də “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar keçirilib

13 İyun, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 13 iyun 2019-cu il tarixdə “Roma Sapienza” Universitetinin siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun təqdimatında “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminar təşkil olunub.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, görüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü bildirən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını vurğulayıb.

“Roma Sapienza” Universitetinin siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının həmsədri Emin Rüstəmov “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda məruzə ilə çıxış edib, AİGA-nın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmsədr təşkilatın fəaliyyətinə toxunaraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizin təbliği, Qarabağ həqiqətlərinin yerli və dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır.

E. Rüstəmov İtaliyada Azərbaycan diasporunun fəallığının artırılması istiqamətində görülən işlərdən, onun uğurlu fəaliyyətindən bəhs edib. Xaricdə təhsil alan gənclərimizin yaşadıqları ölkələrdə Azərbaycanı fəal təbliğ etmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı xalqına və dövlətinə sadiq olmalıdır. Bu baxımdan, xaricdə təhsil alan tələbələrin də üzərinə məsuliyyət düşdüyünü qeyd edən E.Rüstəmov sosial şəbəkələrdə, gündəlik həyatda ölkəmizi layiqincə təbliğ etməyə, xarici dostlara Vətənimiz haqqında dolğun məlumat verməyə, tələbələri dövlət əhəmiyyətli tədbirlərdə fəal olmağa çağırıb.

İnstitut tələbələrinin qatıldığı seminar maraqlı müzakirələrlə davam edib.

alt menü