Aİİ bütün tələbələrini dərsliklərlə təmin edir

24 Sentyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri pulsuz dərsliklərlə təmin olunur. Dərsliklər tədris olunan bütün fənləri əhatə edir.

Aİİ-də ali təhsilin müvafiq səviyyəsində ixtisas və ixtisaslaşmalar üzrə təhsil proqramlarına uyğun olaraq tədris planı tərtib edilir. Tədris edilən fənlər üzrə dərsliklər müvafiq sahə mütəxəssisləri tərəfindən hazırlanır, aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirəyə çıxarılır, kənar rəylər alındıqdan sonra, tədris müəssisəsi rəhbərinin imzası ilə qrif əldə etmək məqsədilə nazirliyə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurası müvafiq bölməsinin müsbət qərarından sonra, ali təhsil müəssisəsinin vəsaiti hesabına çap edilir.

2022-ci ilədək yekunlaşması nəzərdə tutulan dərsliklərin çapına xüsusi diqqətlə yanaşılır. Kitablarda Azərbaycan həqiqətləri, tolerant və multikultural mühit nəzərə alınır. Dərsliklər arasında İslam tarixi, Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi, İslam fəlsəfəsi, İslam əxlaqı, İslam iqtisadiyyatı, Quran təcvidi, Əqaid, Ərəb dili, İngilis dili və digər fənləri əhatə edən kitablar mövcuddur. Bunlardan bir neçəsi pilot layihə olaraq tədris üçün tələbələrə təqdim edilib.

Eyni zamanda, ali təhsil müəssisəsində “İlahiyyat nəşrləri” adı altında layihə həyata keçirilir, buraya Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir.

Xatırladaq ki, Aİİ-də dövlətimizin qayğı və təminatı ilə hər cür şərait yaradılıb, tələbələr dövlət hesabına təhsil almaqla yanaşı, ödənişsiz dil kurslarında iştirak edir, dərslik və geyimlə pulsuz təmin olunurlar.

alt menü