Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub

24 Fevral, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.

Tədbirdə Aİİ-nin müəllim və tələbə heyəti, o cümlədən əməkdaşlar iştirak ediblər.

Əvvəlcə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ali təhsil müəssisəsinin rektoru Aqil Şirinov çıxış edərək, bu qətliamın dünyada görünməyən ən dəhşətli soyqırımlarından biri olduğunu, bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla öldürüldüklərini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalıda baş vermiş qətliam məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib. Bildirib ki, Xocalı soyqırımına dünya səviyyəsində hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Aİİ rektoru vurğulayıb ki, başımıza gətirilən belə faciələri unutmamalı, gənclərimizə daim soyqırımı həqiqətlərini aşılamalıyıq.

A.Şirinov daha sonra bildirib ki, xalqımız 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarını azad edərək, erməni faşistlərinə layiqli cavabını verib. Aİİ rektoru vurğulayıb ki, Laçını, Kəlbəcəri, Ağdamı, Xocalını görməyən gənclərimiz vətənimizin bütövlüyü, torpaqlarımızın düşmən tapdağından azadlığı uğrunda canlarını fəda etdilər.

Azərbaycan Televiziyası İctimai siyasi proqramlar studiyası Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov Xocalı soyqırımında yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini xatırladıb. O, tarixboyu ermənilərin türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olduqlarını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Televiziyasının “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış Xocalı soyqırımına həsr olunan film nümayiş olunub.

alt menü