“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb

29 Noyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və prof. Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda birgə keçirdiyi elmi-praktik konfrans öz işinə başlayıb.
Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonaqları və konfrans iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.
İnstitut rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir: “Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması sahələrində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fəaliyyətinin dəstəklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yeniliklər olub”.
İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
Ceyhun Məmmədov daha sonra İslam dininin müsəlmanları elm öyrənməyə, birliklərini artırmağa təşviq etdiyini bildirib.
Aİİ rektoru çıxışdında azərbaycanlı alimlərin – Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimlərin islam mədəniyyətinin formalaşmasında yaxından iştirak etdiyini qeyd edib.
Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir tədbirin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, İslam dünyası bu günədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib. Dünyanın bir çox müsəlman ölkəsində fəaliyyət göstərən bu elm adamları bugünkü tərəqqinin bünövrəsəni təşkil edirlər.
Millət vəkili, akademik Gövhər Baxşəliyeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, mövzunun aktuallığına və əhəmiyyətinə toxunub. G.Baxşəliyeva bildirib ki, Azərbaycan xalqı hər dövrdə böyük mütəfəkkirlər, tarixi şəxsiyyətlər yetişdirib. Qeyd edib ki, ən çətin sınaqlar qarşısında xalqımızın öz ictimai yaddaşını qoruyub saxlaya bilməsi məhz bu ənənə sayəsində mümkün olub.
Prof. Fuat Sezgin İslam Elm Tarixi Araşdırmalar Vəqfinin sədri, Mecit Çetinkaya İslam dininin elmə verdiyi önəmdən söhbət açaraq, müsəlman alimlərinin dünya elminə bəxş etdiyi töhfələrdən bəhs edib. İslam elm adamlarının tanınmış simalarından biri Fuat Sezgin haqqında danışan M.Çetinkaya qeyd edib ki, alimin vəfatından sonra Türkiyə Respublikasında bu il “Fuat Sezgin İli” elan olunmuşdur.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov VIII–XIII əsrlərdə İslam ölkələrində elmə verilən böyük qiymət sayəsində bir sıra alimlərin yetişdiyini və onların dünya mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev İslam meydana gəldiyi dövrdən etibarən, savadsızlığa, cəhalətə, mövhumata qarşı mübarizə apardığını, müsəlmanları elmə, təhsilə, maariflənməyə, onu yaymağa, alimlərə hörmət bəsləməyə çağırdığını vurğulayıb.
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin dini məsələlər üzrə müşaviri Zeki Yavuzyılmaz qeyd edib ki, tarixən iki qardaş ölkədə müsəlman alimlər yaşayıb, onlar dünya elminə töhfələrini vermişlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov böyük müsəlman mütəfəkkirlərinin, alimlərinin gənc nəslə tanıdılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Kırıkkale Universitetinin rektoru, “Fuat Sezgin İli” layihələrinin koordinatoru prof. Ersan Aslan, Kırşehir Ahi Evran Universitetinin rektoru prof. Vatan Karakaya, Əhməd Yasəvi Universiteti İdarə Heyətinin sədri prof. Musa Yıldız mövzu ətrafında məruzələrini davam etdiriblər. “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilən tədbiri yüksək qiymətləndirib, Türkiyə Respublikasında da bu il sözügedən mövzuda müxtəlif tədbirlərin həyata keçirildiyini, professor Fuat Sezginin İslam mədəniyyətinə və dünya elminə göstərdiyi xidmətlər haqqında danışıblar.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov çıxış edərək konfransa işində uğurlar arzulayıblar. Müsəlman alimlərinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, onların xalqlarımız arasında elm və dostluq körpüsü yaratdığını bildiriblər.
Konfrans öz işini panellərlə davam etdirir.

alt menü