Konfrans iştirakçıları İlahiyyat İnstitutunda olublar

23 Noyabr, 2022

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən Bakı şəhərində din xadimləri üçün “Dini vəhdət – milli birlik” mövzusunda təşkil olunan, üç gün davam edən seminar iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Aİİ rektoru Aqil Şirinov qonaqları salamlayaraq, ali təhsil müəssisəsinin tədris prosesi, məqsəd və vəzifələri haqqında geniş məlumat verib. O bildirib ki, İnstitutda tələbələrə dini biliklər akademik səviyyədə tədris olunur. Burada dinə təkcə teoloji aspektdən deyil, ictimai, psixoloji və fəlsəfi istiqamətdən də yanaşılır.

Din xadimlərinə dövlət tərəfindən yaradılan şərait barədə ziyarətçilərə danışan İnstitut rəhbəri diqqətə çatdırıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı, o cümlədən yeni dini ibadətgahların inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülür.

A.Şirinov daha sonra ölkəmizdə dinlərarası multikultural mühitin, eyni zamanda, müsəlmanların vəhdətinin əsrlərboyu mövcud olduğunu, bu mühitin qorunub-saxlanılmasının vacibliyini vurğulayıb.

Sonda qonaqlar Azərbaycan İlahiyyat İnstitutunun inzibati binası ilə tanış olublar.

alt menü