İmtahanlara hazırlıq prosesi müzakirə olunub

23 Dekabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbər heyətin iştirakı ilə imtahana hazırlıq prosesi ilə əlaqədar iclas keçirilib.

İclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, qış imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov müzakirə olunacaq mövzulara toxunub. Payız semestrinin qış imtahan sessiyasına hazırlıq barədə məsələlərə aydınlıq gətirilməsini diqqətə çatdırıb.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov çıxış edərək, payız semestri müddətində tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi məsələlərindən bəhs edib. Qış imtahan sessiyasının iki növbə şəklində təşkil olunacağını diqqətə çatdırıb.

İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova tələbələrin dərsə davamiyyəti məsələsinə toxunub, payız semestrinin qış imtahan sessiyasına hazırlıqların yekunlaşdığını nəzərə çatdırıb.

Aİİ Tədris şöbəsinin müdiri Zərifə Əliyeva payız semestri imtahanlarına hazırlıqla bağlı məlumat verib. İmtahan biletlərinin hazırlanması və yoxlanması, imtahan prosesi ilə bağlı məsələlərin yekunlaşdığını qeyd edib.

Rektor Aqil Şirinov yekun nitqində imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, imtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.

alt menü