İlahiyyat İnstitutunda “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib

10 Yanvar, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatı birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda tədbir keçirib.

Aİİ rektoru Aqil Şirinov bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müəssisədə Yeni Azərbaycan Partiyası Yasamal rayonu üzrə ərazi partiya təşkilatı olaraq, Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Ölkəmizdə mövcud multikultural mühit haqqında geniş məlumat verən A.Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması məhs Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Ulu Öndər bir çox sahədə olduğu kimi, milli-mənəvi və multikultural dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində də uzaqgörən addımlar atıb. Rektor xatırladıb ki, 1994-cü ildə Bibiheybət məscid-kompleksinin bərpa olunması üçün verilən qərar Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi dərin hörmətin bariz nümunəsidir.

Məruzəçi daha sonra 1998-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda təşkil olunan beynəlxalq simpoziumda Ulu Öndərin nitqinə diqqət çəkib. A.Şirinov Heydər Əliyevin burada qeyd etdiyi fikirləri ilə nitqini yekunlaşdırıb: “Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir”.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ilk tədbirin məhz Azərbaycan İlahiyyat İnstitutunda keçirilməsindən məmnun olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə-Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. B.Nəbiyev qeyd edib ki, bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində prioritet istiqamətlərdən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran B.Nəbiyev bildirib ki, hazırda Azərbaycan mənəvi sərvətimiz olan multikultural və tolerant dəyərlərin dünyada ən böyük ixracatçısına çevrilib.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri olan Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqlarımızın ifadəçisi olmasıdır. Şahlar Əsgərov həmçinin, Ulu Öndərdən sitatlar gətirərək gənclərə ictimai mənafeyi fərdi mənafedən üstün tutmağı tövsiyə edib.

alt menü