İlahiyyat İnstitutunda “Daşların işığı – elmi-fəlsəfi mülahizələr” mövzusunda seminar təşkil olunub

09 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Daşların işığı – elmi-fəlsəfi mülahizələr” mövzusunda elmi-fəlsəfi seminar təşkil olunub.

Seminarda AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə, Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev “Daşların işığı – elmi-fəlsəfi mülahizələr” mövzusunda məruzə ediblər.

Aİİ rektoru Aqil Şirinov seminarı açaraq, tədbirin əhəmiyyətinə toxunub. Rektor müqəddəs kitablarda, xüsusilə Qurani-Kərimdə mövzu ilə əlaqəli bir çox ayənin mövcud olduğunu diqqətə çatıdırıb. Bildirib ki, ali təhsil müəssisəsində tələbələr üçün belə elmi seminarların təşkil edilməsi vacibdir.

Daha sonra dosent Rəşid Fətəliyev təqdim edilən mövzunun sahələrarası xarakterindən, müqəddəs kitablarda qiymətli daşlara verilən dəyər və onun mahiyyətindən bəhs edib. Alim qiymətli daşların strukturu, kimyəvi tərkibi ilə yanaşı, həm də onların insan həyatında əhəmiyyəti və qiymətli olmasının səbəbləri haqqında maraqlı məlumatlar verib.

Seminarın növbəti mühazirəçisi – professor Könül Bünyadzadə işıq və yaranış haqqında qısa fəlsəfi təhlil verib, elm və fəlsəfə arasında paralellik aparmaqla dinləyicilərin diqqətini bir sıra maraqlı məqamlara yönəldib. Məruzəçi Bibliya və Qurani-Kərimdə xatırlanan qiymətli daşların zahiri və batini haqqında da söhbət açıb. K.Bünyadzadə xüsusilə vurğulayıb ki, məhz Qurani-Kərimdə yaqut, inci, mərcan və dağ bülluru kimi qiymətli daşlar sətiraltı mahiyyətdə xatırlanır. Daha sonra daşların yaranışı, cilalanması ilə insan yaranışı və onun kamilləşməsini müqayisə edərək, bir neçə vacib məqamı ön plana çəkib.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

alt menü