Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi tədris kursu başa çatıb

18 İyul, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2021/2022-ci tədris ilində Alban-udi xristian dini icması üçün təşkil etdiyi “Xristianlıq” tədris kursu yekunlaşıb. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbir Qəbələnin Nic qəsəbəsində baş tutub. Görüşdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və icma üzvləri iştirak ediblər.
Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, Azərbaycan dövlətinin təkcə müsəlman dini irsinə deyil, həmçinin xristian və digər dini inanclara də sahib çıxdığını vurğulayıb. Prezident İlham Əliyevin hər il müsəlman və qeyri-müsəlman dini icmalarına maddi vəsait ayırdığını, eyni zamanda, yalnız müsəlman məbədlərinin deyil, həmçinin qeyri-müsəlman – xristian və yəhudi ocaqlarının təmir və inşa edildiyini diqqətə çatdırıb.
Ali təhsil müəssisəsinin rəhbəri daha sonra Qarabağda ermənilərin yalnız müsəlman məbədlərini deyil, eləcə də xristian müəssisələrini də məhv etdiklərini vurğulayıb. Bütün bu vəhşiliklərin müəllifinin ermənilər olduğuna dair sübutları nəzərə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun ölkəmizdə yeganə ali dini təhsil verən müəssisə olduğunu vurğulayan rektor bildirib ki, ali təhsil ocağı təkcə müsəlman dini icmalarla deyil, həmçinin qeyri-müsəlman dini icmalarla da sıx əlaqədə fəaliyyət göstərir. A.Şirinov qarşılıqlı əlaqələrə əyani nümunə olaraq, Aİİ-nin Alban-udi xristian dini icması ilə birlikdə "Xristianlıq" tədris kursu təşkil etdiyini nəzərə çatdırıb. Qeyd edib ki, bundan sonra da icma ilə birlikdə əlaqələrin genişləndiriləcəyi, bu səpkili kursların keçiriləcəyi nəzərdə tutulub.
Daha sonra Alban-udi xristian dini icmasının sədri Robert Mobili çıxış edib. O, Aİİ-yə kursu təşkil etdiyi üçün təşəkkürünü bildirib. Robert Mobili Aİİ ilə birlikdə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

alt menü