Azərbaycan İlahiyyat İnstitutu tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb

27 Oktyabr, 2021

Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması üçün ödənişsiz qaydada “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb.

Kurs Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə həyata keçirilir. Kursun əsas məqsədi ölkədə multikultural mədəniyyəti inkişaf etdirmək, həmçinin sözügedən icmanın din sahəsindəki kadr potensialını gücləndirmək və Qafqaz-alban xristian irsinin dərindən öyrənilməsini təmin etməkdir.

Payız və yaz semestrlərindən ibarət olan kursda Qədim Əhd, Yeni Əhd, Katexisiz, Xristian liturgiyası və təcrübi teologiya, Xristianlıq tarixi, Qafqaz Alban Kilsəsi, Xristian əxlaqı, Homiletika (dini xitabət), Müqayisəli dinlər tarixi, Multikulturalizm, Azərbaycanın müasir dövlətçilik tarixi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, İngilis dilində işgüzar və akademik kommunikasiya, Alban (Kilsəsi) dili, Kilsə hüququ, Kilsə musiqisi və s. fənlər tədris edilir.

Qeyd edək ki, Aİİ Elmi Şurasının qərarına əsasən, sözügedən kurs çərçivəsində fənlərin tədrisi ali təhsil müəssisəsinin pedaqoji heyəti tərəfindən Nic qəsəbəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamı ilə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

alt menü