Aİİ tələbələri Türkiyə Respublikası Dəyanət İşləri Başqanlığının Bursa Müftiliyini ziyarət ediblər

06 Avqust, 2019

Tələbələrimiz “Yay məktəbi”nin növbəti günlərində Türkiyə Respublikası Dəyanət İşləri Başqanlığı Bursa Müftiliyini, Mehrablı məscidini ziyarət edib, eyni zamanda, Uludağa ekskursiyaya yollanıblar.

Bursa Müftiliyini ziyarət zamanı tələbələrimizə Dəyanət İşləri Başqanlığı, həmçinin onun yerlərdəki şöbələri haqqında geniş məlumat verilib. Qurumun yaranma tarixi, vəzifələri və məqsədləri barədə söhbət açılıb. Tələbələrimiz Bursa Müftiliyinin kitabxanası ilə yaxından tanış olublar.

Mehrablı məscidini ziyarət edərkən İbadət evinin 2005-ci ildən istifadəyə verildiyi diqqətə çatdırılıb. Bursa şəhərinin yeni məscidlərindən olan Mehrablı genişliyi və görünüşü ilə diqqət cəlb edir. Burada, həmçinin “Qurani-Kərim” dərsləri də tədris olunur.

“Yay məktəbi”nin sonuncu günü gənclər Uludağa ekskursiya edib, buradan Bursanın görüntüsünü izləyiblər.

Qeyd edək ki, Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutu ilə yanaşı, Qazaxıstan və Qırğızıstan universitetləri İlahiyyat fakültələrinin tələbələri də iştirak edirlər. “Yay məktəbi”ndə gənclərə müxtəlif dərslərin keçirilməsi ilə bərabər, müxtəlif ilahiyyatçı alimlərin mühazirə və seminarları təşkil olunub, Bursa şəhərinin tarixi yerlərinə ekskursiyalar baş tutub.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. Aİİ tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

alt menü