Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub

29 Fevral, 2020

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qarabağ həqiqətlərindən bəhs edən, real hadisələr əsasında çəkilmiş “Son nəfəsədək” filmi nümayiş olunub.

Aİİ-nin rektoru Ceyhun Məmmədov vətənpərvərlik mövzusunda çəkilən filmin müasir dövr üçün önəmindən bəhs edib. Ekran əsərinin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsi tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarların və “dəyirmi-masa”ların təşkilini həyata keçirir.

“Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov ekran əsərinin sujet xəttindən, hadisələrin necə cərəyan etməsindən danışıb. Bildirib ki, film Qarabağ müharibəsinin başlanğıcında aparılan mübarizədən bəhs edir. Süjet xəttini filmin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidlik təşkil edir.

Daha sonra tələbələr ekran əsərində Yuxarı Veysəlli kəndinin özünümüdafiə dəstəsinin son nəfəsədək qəhrəmanlıqla vuruşaraq dinc sakinlərin həyatını xilas etmələrini əks etdirən döyüş yolu ilə tanış olublar.

Sonra filmin mövzusu və Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur.

Ekran əsərində baş rollarda İlqar Cahangirov, Elşən Rüstəmov, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkiliblər. Filmin çəkilişi Füzuli rayonunda və Bakı şəhərində aparılıb.

alt menü