Aİİ-də Könül Bünyadzadənin kitab təqdimatı olub

08 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin “Ülvi gəncliyin sirləri” kitabının təqdimatı keçirilib.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutda müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər maarifləndirmə məqsədi daşıyır. A.Şirinov fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin keçən dövr ərzində Aİİ tələbələri qarşısında “Gəncliyin fəlsəfəsi” mövzusunda seminarı və “Eşqin hikməti” adlı kitabının təqdimatının keçirildiyini qeyd edib. Bildirib ki, belə tədbirlərdə tələbələrin aktiv iştirakı onların bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətlərinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynayır

Sonra AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “Ülvi gəncliyin sirləri” kitabının ərsəyə gəlməsi haqqında məlumat verib. Qeyd edib ki, nəşrdə gənc yaşlarında tarixdə iz qoymuş peyğəmbərlərin, sərkərdələrin, tarixi şəxsiyyətlərin, şairlərin, mifik qəhrəmanların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xüsusiyyətinin fəlsəfi şərhi verilib. Müəyyən qanunauyğunluğu izləmək məqsədilə tədqiqat üç əsas istiqamət - zaman, din və reallıq üzrə aparılıb. Belə ki, gəncliyin dəyişilməz prinsiplərini nəzərə çatdırmaq və təhlil məqsədilə burada qədim və müasir dövr, dini və ictimai sahələr, real şəxsiyyətlər və mifik qəhrəmanlar yer alıb. Kitabda Azərbaycanda, artıq kifayət qədər məlum olan və tədqiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmbər, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və digər şəxsiyyətlər də araşdırılıb.

K.Bünyadzadə bildirib ki, tarixin istənilən kəsiyində dünya mənzərəsinə baxdıqda ön planda həmişə gəncliyi görmək mümkündür. Yeni ideyalar irəli sürən, cəsarətli addımlar atan, savaşlarda göz qırpmadan canını fəda edənlər də məhz gənclərdir.

Tədbir gənclərin maddiyyat və əbədiyyət, qılınc və qələm arasında etdikləri seçim, gənclik və cəmiyyət, gəncliyin fateh ruhu, onun qorxuları, sevgisi, yaradıcılıq axtarışları kimi əlaqəli kontekslərdə müzakirəsi ilə davam edib.

alt menü