Aİİ-də İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb

09 Sentyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 9 sentyabr 2020-ci il tarixdə III ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə sentyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat avqustun 31-dən sentyabrın 2-dək aparılıb. Ümumilikdə, 174 abituriyent qeydiyyatdan keçib.
Abituriyentlərin dünyagörüşü səviyyələrinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları yoxlanılır.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.
Məlumat üçün bildirək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, Komissiya Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında təşkil olunacaq.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəlaiyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.

alt menü