Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı başa çatdı

01 Avqust, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 27 iyul – 31 iyul 2019-cu il tarixdə qabiliyyət imtahanı keçirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürünü, insanlarla ünsiyyət bacarığını və İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirib.

DİM-in saytından üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisası üzrə 36 yer üçün 133 abituriyent qeydiyyatdan keçib.

Qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 133 abituriyentdən 75 nəfər “məqbul” alıb. “Məqbul” qiyməti alan abituriyentlər artıq İslamşünaslıq ixtisasını seçə bilərlər.
Xatırladaq ki, DİM qabiliyyət imtahanına buraxılış üçün 150 (yüz əlli) bal müəyyənləşdirib.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Respublika Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Yüksəkixtisaslı islamşünas və dinşünas mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyan Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. İnstitut öz tələbələrinə ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini öyrənmək imkanı verir. Eyni zamanda, Aİİ tələbələrinə beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq, dövlət xətti ilə magistratura və doktorantura pillələrini xarici ölkələrdə davam etdirmək imkanı yaradılıb.

İnstitutuda tələbələr Din, Tarix, Fəlsəfə, Dil, Ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 14 mindən çox kitabdan istifadə etmək imkanına malikdirlər.

alt menü