Aİİ-də “Hədis” yarışması təşkil olunub

27 May, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Hədis” yarışması keçirilib.

Müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İnstitutun elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov münsiflər heyətində təmsil olunublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir. Qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edib, göstərilən yüksək etimadı və inamı doğrultmağa çalışır.

A.Şirinov vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmağa imkan verir.

Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını vurğulayıb.

Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov gənclərə müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Hədis” yarışmasında birinci yerə İsgəndər İsgəndərov, ikinci yerə Nəbi Məmmədov, üçüncü yerə isə Tofiq Feyzullayev layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən tariximi bilirəm” mövzusunda bilik yarışması, “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.

alt menü