Aİİ-də “Etik davranış qaydaları” mövzusunda seminar keçirilib

13 May, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərovanın təqdimatında “Etik davranış qaydaları” mövzusunda seminar təşkil edib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.

Mövzunun aktuallığına toxunan Ə.Niyazov vurğulayıb ki, etika fəlsəfənin ən böyük hissələrindən biri olub, insan mənəviyyatını əhatə edir, həmçinin onun fəaliyyətini, məqsədini, davranışını, dəyərlərini araşdırır. Etik davranış qaydaları insanların bir-biri ilə, cəmiyyətlə, dövlətlə münasibətlərini tənzimləyir.

“Gənc vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova “Etik davranış qaydaları” mövzusunda çıxış edərək, etika haqqında ətraflı məlumat verib. Bildirib ki, əxlaqi fəaliyyət gündəlik həyatda doğru-düzgün olmaq; yalan danışmamaq; insanlara hörmət etmək və kömək göstərmək; başqalarının haqqını əlindən almamaq və digər davranış qaydalarını nizamlayan mövcud normalar toplusudur. Qeyd edib ki, davranış normaları insanların cəmiyyətə, ictimai quruluşa, əməyə və bir-birlərinə olan münasibətində özünü göstərir. Bu xüsusiyyətlər əxlaqı bütün nizamlama formalarından, xüsusilə hüquqdan fərqləndirir. Hüquqi nizamlama kimi, əxlaqi nizamlama da davranışa verilən sosial tələblərin fərd tərəfindən şüurlu surətdə mənimsənilməsini nəzərdə tutur.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

alt menü