Aİİ-də “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

24 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov gənclərə tövsiyələrini verib, onları ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb. Qeyd edib ki, bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, aktiv tələbə həyatı yaşamalarına şərait yaradır.

Ceyhun Məmmədov daha sonra ölkəmizdə könüllülük fəaliyyətinin inkişaf etdiyini, könüllülərin sayının getdikcə artdığını da vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 iyun 2009-cu il tarixdə imzaladığı “Könüllü fəaliyyət haqqında” qanun könüllülərin ölkə üzrə əhəmiyyətli yarışlarda, beynəlxalq tədbirlərdə rolunu daha da artırıb. Hazırda ölkənin müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyəti təbliğ edilir və könüllülük hərakıtının inkişafına şərait yaradılır.

Daha sonra “Bir” Tələbə-Könüllü Proqramının yaranması haqqında ətraflı məlumat verən layihə rəhbəri Canoğlan İlyasov tələbələrin inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin bu ideyanı irəli sürdüyünü bildirib. C. İlyasov proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqqında geniş məlumat verib. Proqramın könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi və onların akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq məqsədilə yaradıldığını nəzərə çatdırıb. Qeyd edib ki, tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir.

C. İlyasov potensiallı gənclər üçün könüllü olmağın perspektivindən də bəhs edib. Layihənin fəal könüllülərinin uğurlu fəaliyyət nəticəsində karyeralarında uğur qazandıqlarını, bir çoxunun isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirir, seminarlar, “dəyirmi masa”lar, təlimlər təşkil edir.

alt menü