Aİİ-də “Bədii əsər oxuma (yerli ədəbiyyat)” mövzusunda bilik yarışması keçirilib

29 Dekabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxuma (yerli ədəbiyyat)” mövzusunda bilik yarışı keçirilib.

Yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I, II və IV kurs tələbələri, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.

Üç turdan ibarət olan yarışmada 45 sual səsləndirilib. Suallar İsa Hüseynovun “Məhşər”; Süleyman Rəhimovun “Mehman”; Məmməd Səid Ordubadinin “Qılınc və qələm”; Cəfər Cabbarlının “Almaz”; Hüseyn Cavidin “İblis” əsərlərinin mövzularını əhatə edib.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində keçirilən müsabiqələr tələbələrin elmə, maarifləndirici yarışmalara marağının artırılması, onların ümumi biliyinin və dünyagörüşünün yüksəldilməsi, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran C.Məmmədov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Aİİ rəhbəri bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışmalarının xüsusi rol oynadığını vurğulayıb.
Aİİ rektoru daha sonra ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib. Gənclərin ölkəmizin mütərəqqi gələcəyi naminə daha çox oxumaları, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün dayanmadan öz üzərlərində çalışmalı olduqlarının əhəmiyyətini vurğulayıb.

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edilib, mükafatlandırılıb və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dünyagörüşünün artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, həftənin şənbə günləri İnstitutda tələbələr üçün müxtəlif kitabların müzakirələri təşkil olunur.

alt menü