XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda olublar

12 Mart, 2024

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mühüm layihələrindən olan “Sabahın liderləri: gənclər “sivilizasiyaların toqquşması”na qarşı” mövzusunda təşkil olunan XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Aİİ rektoru, dosent Aqil Şirinov Qış məktəbinin iştirakçılarına Azərbaycanda mövcud olan dinlərarası harmoniya, həmçinin ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini qeyd edən rektor ölkəmizdə mövcud dinlərarası harmoniyadan bəhs edib. A.Şirinov Azərbaycanda tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin birlikdə sülh şəraitində yaşadıqlarını vurğulayıb. Ölkəmizin dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, eyni zamanda, məzhəblərarası münasibətlər baxımından dünyaya nümunə olduğunu diqqətə çatdırıb.

A. Şirinov daha sonra ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, İnstitutda xüsusilə “Dinşünaslıq” ixtisasında İslamla yanaşı, digər dinlər haqqında kifayət qədər geniş məlumatlar verilir. Bu məlumatların normativ deyil, deskriptiv yolla tədris olunduğunu vurğulayıb. O, magistratura səviyyəsində müxtəlif dinlərlə bağlı olan ixtisaslaşmalar haqqında da məlumat verib.

alt menü