Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Milli Qurtuluşdan möhtəşəm zəfərə” mövzusunda konfrans keçirilib

07 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Milli Qurtuluşdan möhtəşəm zəfərə” mövzusunda konfrans keçirilib.
Ulu öndər Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Aİİ-nin IV kurs tələbəsi Əmrah Eminov tərəfindən Ulu Öndər və şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açılış nitqi ilə çıxış edib. Mübariz Qurbanlı Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı keçirilən tədbirlərin önəminə toxunub. Bildirib ki, bütün cəmiyyətə, əsasən də gənc nəslə Ulu Öndərin irsinin daha geniş şəkildə çatdırılması Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan Heydər Əliyev dühasından gələcək nəsillərin bəhrələnməsi naminə böyük əhəmiyyət daşıyır. Daha sonra dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışan Komitə sədri qeyd edib ki, Ulu Öndər müstəqil Azərbaycanın inkişafının təməl prinsiplərini formalaşdırıb, xalqımız və dövlətimiz naminə misilsiz xidmətlər göstərib. Heydər Əliyevin uğurlu daxili və xarici siyasət strategiyası sayəsində ölkəmiz iqtisadi inkişafa, daxili siyasi sabitliyə və əmin-amanlığa, milli-mənəvi dəyərlərə qayıdışa, bu dəyərlərin qorunmasına nail olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşımızda duran əsas vəzifələrdən biri dövlət-din münasibətlərini formalaşdırmaq olub. Bu modeli Heydər Əliyev müəllifi olduğu Konstitusiyamızda elə təsbit edib ki, din cəmiyyətdə “təhdid”, “vasitə” deyil, mənəvi vəhdət, həmrəylik rolunu həyata keçirir.
Mübariz Qurbanlı vurğulayıb ki, dahi şəxsiyyətin müəyyən etdiyi prinsiplər Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarını özündə əks etdirməklə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin açdığı yol ilə Azərbaycanı tarixi zəfərə apardı. Bu gün öz ərazi bütövlüyünü tam bərpa edən ölkəmiz nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir.
Millət vəkili Səyavuş Novruzov çıxış edərək, dəvətə görə təşəkkürünü bildirib və Ulu Öndərlə bağlı danışmağın məsuliyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Heydər Əliyevlə onun rəhbərliyi altında eyni dövrdə işləyib fəaliyyət göstərməyi ilə şərəf duyur. Məruzəçi Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Dahi şəxsiyyətin fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqının, dövlətinin inkişafı yolunda çalışdığını vurğulayıb. Ölkənin sənaye ölkəsinə çevrilməsində, ordunun yenidən qurulmasında onun xidmətlərini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları göstərdi ki, Heydər Əliyevin qurtuluşdan gələn yolu bizi zəfərə apardı.
İlahiyyat İnstitutu rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov çıxış edib. Heydər Əliyevin böyüdüyü və işlədiyi dövrün mürəkkəbliyinə, sovet dövründə dinə qarşı olan təzyiqlərə baxmayaraq, həmişə mənəvi dəyərlərə bağlı olduğunu qeyd edib. O, Heydər Əliyevin aforizmlərindən sitat gətirərək, onun milli-mənəvi dəyərlərə olan hörmətini diqqətə çatdırıb. Ulu Öndərin hakimiyyəti dövründə onun dövlət-din məsələlərinə xüsusi münasibətini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edib. Heydər Əliyevin özündən sonra qoyub-getdiyi irsin mahiyyətinə diqqət çəkərək, bu mirası qoruyub gələcək nəsillərə çatdırmaq üçün çalışmağı bir vəzifə kimi gördüyünü vurğulayıb. Hal-hazırda ölkəmizdə mövcud olan multikultural mühitin təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Heydər Əliyevin vaxtilə Qarabağla bağlı söylədiyi sitatlar hal-hazırda həyata keçib və artıq bu da onun uzaqğörən siyasətçi olduğunu bir daha sübut edir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edib. Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin inkişafını, zəfərə doğru gəldiyimiz yolun məhz onun fəaliyyəti dövründən başladığını vurğulayıb. Hal-hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış başlayıbsa, Şuşa, Qubadlı, Zəngilan, Laçın və digər işğaldan azad olunmuş ərazilərdə məscidlər tikilirsə, bütün bunlar Milli Qurtuluşdan bəhrələnən yoldur.

Konfransın bağlanış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarına çıxışlarına görə təşəkkür edib, Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu Öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm olan bir dövlət miras qoyub-getdiyini və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, dövlətimizin daha da inkişaf etdiyini vurğulayıb.
Din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran rektor dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının məhz Ümummilli Liderin xidmətləri sayəsində baş verdiyini vurğulayıb.

alt menü