Rektor tələbələrin evini ziyarət edib

16 May, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.

Layihə çərçivəsində Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov, İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – f.f.d. Vüqar Səmədov, f.f.d. Faiq Əhmədzadə və rektorun köməkçisi Emin Orucov Suraxanı, Nizami və Səbail rayonlarında yaşayan II və III tədris ili tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər.

Görüşlərdə layihənin məqsədinə uyğun olaraq tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində İnstitutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr haqqında söhbət açılıb.
Təhsilalanların əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialları çərçivəsində onların gələcək perspektivləri üçün valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru Aqil Şirinov başda olmaqla, rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirib, övladlarının gələcəkdə dini-mənəvi sahədə cəmiyyətə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanmasından ötrü ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü