Nümayəndə heyətinin Malayziyada işgüzar səfəri davam edir

26 May, 2023

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri davam edir. Nümayəndə heyəti 22-26 may 2023-cü il tarixlərində rəsmi səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (International Islamic University Malaysia) ziyarət edib.

Malayziya Beynəlxalq İslam Universitetinin rektoru, professor Dzulkifli Abdul Razakla görüşdə dövlət-din münasibətləri, islamofobiya ilə mübarizə, ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması barədə müzakirələr aparılıb.

Rektor Dzulkifli Abdul Razak daha sonra təmsil etdiyi qurum haqqında məlumat verib. O, iki ali təhsil müəssisəsi arasında baş tuta biləcək layihələr barədə söhbət açıb.

Görüşdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun fəaliyyəti, Azərbaycanda mövcud dini durum, tolerant və multikultural mühit barədə məlumat verib.

Tarixboyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən sədr müavini daha sonra bildirib ki, ölkəmizdə milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədən müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərirlər. Ölkəmizin islamafobiya ilə mübarizə apardığını vurğulayan G.İsmayılov bu ilin mart ayında Azərbaycanda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransa diqqət çəkib.

Aİİ rektoru, dosent Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. A.Şirinov rəhbəri olduğu İnstitutda iki istiqamət – “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tədris həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Dinşünaslıq” ixtisasında İslamla yanaşı, digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslamı müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərəcəklər.

Aİİ rektoru Aqil Şirinov iki ali təhsil müəssisəsi arasında imzalanan Niyyət Protokoluna əsasən birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Nümayəndə heyəti daha sonra Malayziya Beynəlxalq İslam Universitetinin 40 illik fəaliyyətinə həsr olunmuş “dəyirmi masa”da iştirak edib. Həmçinin bu müəssisənin İslami nəqli (dini) biliklər və humanitar elmlər fakültəsini, ali təhsil ocağın kitabxanasını ziyarət edib.

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.

alt menü