“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 1 avqust 2024-cü il tarixində III ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsi avqustun 3-dək davam edəcək.
Abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 22-28 iyul 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılıb və bu müddət ərzində 104 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, abituriyentlərin dünyagörüşü səviyyələrinin və “İslamşünaslıq” ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları, dünyəvilik anlayışı, psixoloji parametrlərinin “İslamşünaslıq” ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər seçim zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə biləcəklər.
Müsahibə mərhələsinin nəticəsindən narazı qalan abituriyentlər apellyasiya müraciəti edə bilərlər. Apellyasiya Komissiyası tərəfindən müraciətlər yalnız abituriyentin müsahibədə iştirak etdiyi gün qəbul edilir.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Ali təhsil müəssisəsi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial, humanitar elmlər də tədris olunur.