İlahiyyat İnstitutunda “Açıq mikrofon” günü

17 Noyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov II kurs tələbələri ilə görüşüb, onların təklif və iradlarını dinləyib.

Aİİ rektoru öncə tələbələrə tövsiyələrini bildirib, onları dərslərdə daha fəal olmağa səsləyib.

Ali təhsil müəssisəsinin rəhbəri bildirib ki, daha savadlı, bilikli kadr kimi yetişmək üçün təkcə dərslərlə kifayətlənmək olmaz. Vaxtın səmərəli istifadəsinin zəruri olduğunu qeyd edən rektor vurğulayıb ki, İnstitutun Kitabxana fondunda mövcud kitablardan faydalanıb, yeni bilgilər əldə etmək vacibdir.

A.Şirinov daha sonra bildirib ki, yaxşı mütəxəssis olmaq üçün dil bilgilərini mükəmməl mənimsəmək vacibdir. Rektor qeyd edib ki, ilahiyyat sahəsi üzrə peşəkar mütəxəssis olmaqdan ötrü yaradılan şəraitdən maksimum yararlanmalı, peşə hazırlığı, ərəb dili kurslarında, həmçinin dərslərdə hədis, əqaid, təfsir və digər İslam elmləri ilə əlaqədar oxunan klassik mətnlərin tərcüməsində fəal iştirak etmək zəruridir.

Rektor tələbələrin təkliflərini dinləyib, səsləndirilən məsələlərin həlli üçün İnstitut heyəti olaraq çalışacaqlarını vurğulayıb.

alt menü