İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

02 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, 2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə Aİİ respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb. İnstitutun ilk səfəri Bakı şəhərinin Sabunçu rayonuna olub.
Tədbirdə Sabunçu rayonu üzrə məktəb direktorları, abituriyentlər, orta məktəb müəllimləri iştirak ediblər.
Bakı şəhəri Sabunçu rayonu 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova Aİİ heyətini və digər iştirakçıları səmimi salamladıqdan sonra, gənclərin milli-mənəvi ruhda inkişafının vacibliyinə toxunub. G.Məmmədova ölkəmizdə gənclərin savadlı kadr kimi hazırlanmaları üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşadət Hidayətov gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişmələrinin vacibliyinə toxunub. R.Hidayətov ödənişsiz tədris həyata keçirən ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsilin üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib, İnstituta qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Həmçinin onların yeməkpulu ilə təmin ediləcəklərini, ödənişsiz xarici dil kurslarında iştirak edəcəklərini və digər üstünlüklərə sahib olacaqlarını da nəzərə çatdırıb.
Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında da ətraflı bəhs edib.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.


alt menü