“Azərbaycanlı alimlərin İslam sivilizasiyasının inkişafında rolu” mövzusunda “dəyirmi masa” keçirilib

21 Oktyabr, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Azərbaycanlı alimlərin İslam sivilizasiyasının inkişafında rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Tədbirin moderatoru – Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dos. Mirniyaz Mürsəlov Azərbaycan alimlərinin İslam sivilizasiyasının inkişafına verdikləri töhfələrin öyrənilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan elmi və fəlsəfi fikir tarixində mühüm iz qoymuş alimlərin irsinin araşdırılmasının, elmi nailiyyətlərinin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, prof. Könül Bünyadzadə görkəmli Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdinin elmi-fəlsəfi irsi, İslam fəlsəfəsinin inkişafına verdiyi töhfələr barədə danışıb, mütəfəkkirin fəlsəfi dünyagörüşünün Şərq düşüncə tarixindəki əhəmiyyətinə diqqət çəkib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, dos. Zaur Rəşidov Mirzə Kazım bəyin elmi fəaliyyəti və şərqşünaslıq sahəsinin inkişafındakı rolundan bəhs edib. Onun araşdırmalarının Azərbaycan elminin və şərqşünaslıq ənənələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

“Dəyirmi masa” çərçivəsində Azərbaycan alimlərinin elmi irsinin öyrənilməsi, İslam sivilizasiyasının zənginləşməsinə verdikləri töhfələrin araşdırılması və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

alt menü