Azərbaycan İlahiyyat İnstitutunun müəlliminin kitabı nəşr olunub

03 Sentyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Din sosiologiyası” adlı kitabı Azərbaycan İlahiyyat İnstitutunun Elmi Şurasının qərarı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə nəşr olunub.

Kitabın müəllifi A.Qənbərov “Ön söz”də bildirib ki, Din sosiologiyası ilə bağlı Azərbaycan dilində tədqiqatların azlığı və müstəqil əsərlərin isə ümumiyyətlə mövcud olmaması bu əsərin yazılmasının əsas səbəblərindəndir. Müəllif qeyd edib ki, kitab həm Din sosiologiyası ilə bağlı ümumi təsəvvür yaradacaq, bu sahəyə tədqiqatçıların marağını artıracaq, həm də Dinşünaslıq sahəsində elmi ədəbiyyatın zənginləşdirilməsinə töhfə verəcəkdir.

Qeyd edək ki, kitab elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab “Sosiologiya elminə giriş”, “Din sosiologiyası elm kimi”, “Dinin sosioloji konsepsiyasının əsas istiqamətləri” olmaqla üç hissədən ibarətdir. Elmi tədqiqat əsərində “Din sosiologiyasının təşəkkül tarixi”; “Din – ictimai fenomen kimi”; “Dini qrupların strukturu və növləri”; “Modernləşmə prosesi və din institutunun qarşılıqlı əlaqələri”; “Yeni dini hərəkatların sosiologiyası”; “Dövlət-din münasibətlərinin sosioloji təhlili”; “Multikulturalizm, etnik mənsubiyyət və din” və digər mövzularda fəsillər əksini tapıb.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

alt menü