Azərbaycan İlahiyyat İnstitutunun ikiillik fəaliyyəti ilə bağlı tədbir təşkil olunub

12 Fevral, 2020

12 fevral 2020-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsis edilməsinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, İnstitutun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edildiyini vurğulayıb. İnstitutun yaradılmasında məqsədin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək olduğunu bildirib.

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri haqqında bəhs edən C.Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda onun layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Aİİ rəhbəri daha sonra vurğulayıb ki, İnstitutun yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.
C.Məmmədov ötən iki il ərzində İnstitutun gördüyü işlər, ali təhsil müəssisəsinin həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında da məlumat verib.
Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu qarşısına bir sıra məqsəd və hədəflər qoyub. Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi ümdə vəzifələrdəndir: “Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz – gələcəyin ilahiyyatçıları dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik peşəkar mütəxəssislər olsun”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir-dualarını çatdırıb. O, İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib. F.Nurullayev, xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslərin fonunda bu qərarın doğru və yerində olduğunu vurğulayıb. Hazırda dini təhsil almış insanlara ehiyac olduğunu qeyd edən F.Nurullayev İnstitutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib. Cəmiyyətdə İnstitutun yetəri qədər tanındığını və haqqında müsbət fikirlərin olduğunu bildirib. Regionda dini təhsil verən kifayət qədər müəssisələrin olduğunu vurğulayan sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun bu rəqabət mühitində öz sözünü layiqincə deyəcəyinə ümidvar olduğunu bildirib.
Sədr müavini bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının bariz göstəricisidir.

alt menü