Azərbaycan İlahiyyat İnstitutunda “Unibook” Təhsil İnformasiya İdarəetmə Sisteminin tətbiqinə başlanıldı

13 Fevral, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ölkənin qabaqcıl informasiya texnologiya şirkəti – “Neuron Technologies” arasında müqavilə imzalanıb. Azərbaycan İlahiyyat İnstitutu “Unibook” Təhsil İnformasiya İdarəetmə Sistemini “bulud platforması”nda istifadə etməklə, bu mütərəqqi dünya texnologiyalarına əsaslanan proqramın tətbiqinə start verəcəkdir.
Aİİ-nin rektoru Ceyhun Məmmədov təhsil müəssisəsi fəaliyyətə başladığı gündən elektron təhsil sisteminə keçidlə bağlı tədbirlərin həyata keçirildiyini qeyd edib. O, tədris sisteminin müasir texnologiyalar əsasında təşkili və prosesin şəffaflığının təmin edilməsi məqsədilə yerli və beynəlxalq təcrübənin öyrənildiyini bildirib.
“Neuron Technologies” şirkətinin direktoru İsmayıl Ələkbərov şirkət haqqında ətraflı məlumat verərək bildirib ki, “Unibook” – təhsil informasiya idarəetmə sistemi hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə layihə çərçivəsində ölkənin nüfuzlu ali təhsil müəssisələrində tətbiq olunur.
Müqaviləni Azərbaycan İlahiyyat İnstitutunun rektoru cənab Ceyhun Məmmədov və “Neuron Technologies” Şirkətinin Baş direktoru İsmayıl Ələkbərov imzalayıblar.
“Unibook” Təhsil İnformasiya İdarəetmə Sisteminin İnstitutda tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması; tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi; elektron qiymətləndirmə; elektron imtahan; interaktiv forum və kommunikasiya; insan resurslarının idarə edilməsi; təqaüdün hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.
“Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla, istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə İnstitut haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan İlahiyyat İnstitutunda son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.
“Neuron Technologies” Şirkətinin ərsəyə gətirdiyi “Unibook” təhsilin informasiya idarəetmə platforması, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu universitetlər təhsil prosesinin idarə edilməsində məhz bu sistemə üstünlük verir. Azərbaycan şirkəti – “Unibook” Təhsil İnformasiya İdarəetmə Sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həmçinin “Made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanılıb.

alt menü