“Avropa İttifaqı Gender Bərabərliyi Naminə” layihəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun fənn sillabuslarına gender bərabərliyinə dair mövzular əlavə edilib

14 Dekabr, 2021

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” regional proqramı çərçivəsində layihənin icrasına başlanılıb. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən icra edilən layihə Azərbaycan mühitinə uyğun olaraq icra edilir. Həmçinin məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları istiqamətində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə əməkdaşlıq formatında həyata keçirilir.

İnstitutun elmi-pedaqoji və tələbə heyəti, BMT Əhali Fondunun Azərbaycan Nümayəndəliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq dərs keçirilib. Tədbirdə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə fənn sillabuslarına inteqrasiya olunan gender bərabərliyinə dair mövzuların təqdimatı və müzakirəsi baş tutub.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov və ali təhsil müəssisəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Tağıyeva məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, Layihə cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində birgə mühazirə və seminarların təşkili, İnstitutun elmi-pedaqoji heyətinin iştirakı ilə İslam dininin məişət zorakılığının qarşısının alınmasındakı roluna dair tədris materiallarının hazırlanması və bu mövzuya həsr olunmuş konfransın keçirilməsi planlaşdırılır.

alt menü