Aİİ-nin tələbələri Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyini ziyarət ediblər

03 Mart, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.

Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşir.

Tələbələr muzeyin girişində asılmış rəsm əsərləri ilə tanış olublar. Rəsm əsərləri soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. “Xocalı fəryadı” adlı rəsm əsəri buna əyani sübutdur. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.

Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub.
Muzeylə tanışlıq zamanı tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi əks etdirən fotolar haqqında məlumat verilib. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar verilib.
Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və müxtəlif seminarların təşkilini həyata keçirir.

alt menü