Aİİ-də “Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda  seminar təşkil olunub

19 Fevral, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 19 fevral 2019-cu il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənovun təqdimatında “Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda seminar təşkil olunub.
Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov idarə edib. A.Şirinov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarların xüsusi rol oynadığını vurğulayıb. Mövzunun aktuallığına toxunan A.Şirinov qeyd edib ki, hazırkı mərhələdə dövlətimizin din siyasətinin əsas məqsədi ölkədə dini durumun münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov “Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş dini etiqad azadlığı hüququna ölkəmizdə Azərbaycan Konstitusiyası və Milli Qanunvericiliklə təminat verilib.
S.Həsənov dini təriqətlər və təhlükəsizlik məsələlərindən danışarkən qeyd edib ki, qədim dövrlərdən tolerant dövlət və zəngin tarixə malik Azərbaycanda xristianlar, yəhudilər, müsəlmanlar sülh və bir-birlərinə hörmət şəraitində dinc yanaşı yaşamışlar. S.Həsənov ölkəmizdə bütün dinlərə bərabər şərait yaradıldığını, onlara eyni cür diqqət göstərildiyini bildirib.
O bildirib ki, qloballaşan dünyada baş verən etnik-dini münaqişələr, separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qalmaqdadır. Bu baxımdan, dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin düzgün məcraya yönləndirilməsi vacibdir.
Tədbirdə mövzuya dair geniş fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

alt menü