Aİİ-də Çin Xalq Respublikasının “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının nümayəndələri ilə görüş keçirilib

21 İyun, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Çin Xalq Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının rəhbəri Ben Bun Duo, təşkilatın region üzrə rəsmi partnyoru, “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi Təlim Proqramının rəsmi eksperti, f.f.d. Xəyalə Məmmədova və təşkilatın layihə meneceri dr.Faiq Ağabalıyevin tələbələrlə görüşü təşkil olunub.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar və görüşlər təşkil olunduğuni bildirib. İ.Əlimuradov uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətinin peşəkarı kimi yetişmək üçün təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.

“Nanjing Hanjia Cultural Exchange” Təşkilatının region üzrə rəsmi partnyoru, “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi Təlim Proqramının rəsmi eksperti, f.f.d. Xəyalə Məmmədova görüşün məqsədi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Çin Xalq Respublikasının universitetlərində istənilən ixtisas üzrə təhsil almaq, həmçinin təlimlərdə iştirak etmək mümkündür. Universitetlərdə Çin dilinin öyrədilməsi tədris edilir. Məqsədimiz Çin mütəxəssislərinin Azərbaycana gəlişini təmin etmək, ikili diplom dərəcələrinin verilməsi istiqamətində universitetlərlə əməkdaşlığı gücləndirməkdir.

Çin Xalq Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının rəhbəri Ben Bun Duo tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə, Aİİ-nin rəhbəriliyinə minnətdarlığını ifadə edib. İki ölkə arasında qədim tarixi olan dostluq münasibətlərinin müasir dövrümüzdə yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb. Ben Bun Duo qloballaşma dövrünün mühüm trendlərindən hesab edilən elmi biliklərin təhsil sistemində inkişafda olduğunu da vurğulayıb. Həmçinin Çinin aparıcı ali təhsil müəssisələrində təhsil almaqla yanaşı, fərqli mədəniyyətin bir parçası kimi yaşamağın, dünyagörüşünü genişləndirməyin, karyera imkanlarını artırmağın və yeni bir dil öyrənməyin faydalarından da bəhs edib.

Təşkilatın layihə meneceri dr.Faiq Ağabalıyev bildirib ki, Çin dünyasəviyyəli yüksək təhsil üçün əlverişli məkana çevrilib. Qeyd edib ki, Çin Hökuməti Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və Yaponiya daxil olmaqla, bir sıra ölkələrlə akademik nailiyyətlərin qarşılıqlı tanınması haqqında razılığa imza atılıb.

Sonda Çin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Nanjing Hanjia Cultural Exchange” Təşkilatının nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıb.

alt menü