Aİİ-də 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib

04 Oktyabr, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə İnstitutun pedaqoji heyətini təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. C. Məmmədov bu təqvimi həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb. Xalqımızın tarixən müəllim sənətini yüksək qiymətləndirdiyini, ölkəmizdə elm və təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayan rektor, son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər barədə danışıb.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra bildirib ki, “Təhsil millətin gələciyidir”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərib. Hazırda bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük uzaqgörənliklə davam etdirir.
C.Məmmədov məhz müəllim əməyi nəticəsində cəmiyyətin formalaşdığını, savadlı, bilikli, zəngin dünyagörüşlü, nümunəvi əxlaqa malik insanların yetişdiyini vurğulayıb. Rektor gənc nəslə elmə-təhsilə daim önəm verməyi, vaxtlarından səmərəli surətdə istifadə etməyi tövsiyə edib. Rektor bir xalqın tərəqqisinin yalnız elmlə mümkün olduğunu bildirərək, tələbələri daha yaxşı oxumağa, daha çox çalışmağa çağırıb.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov müqəddəs peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər.

Tədbirin sonunda əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiklərinə görə, Aİİ-nin bir qrup müəllimi mükafatlandırılıb.

alt menü